Bugün Azərbaycanın ilk peşəkar qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyidir. Vəcihə Səmədova ilk təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində almışdır. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitutunda davam etdirir. 1957-1963-cü illər Səmədovanın yaradıclıq fəaliyyətində ən məhsuldar illər olmuşdur. O, “Lənkəranda toy”, “Toya hazırlıq”, “Mahnı” kimi maraqlı əsərlərini bu dövrdə yaradıb. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verir. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik. Vəcihə Səmədova yaradıcılığında portretlər xüsusi bir yerə malikdir. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkir. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar. Rəssamın son tablosu olan «Xəbər Gözləyirəm» adlı rəsm əsərini 1963-cü ildə çəkmişdir. Əsər 1963-cü ildə Bakıda keçirilən «Bizim müasirimiz» adlı sərgidə nümayiş etdirilmişdir. Vəcihə Səmədova 1965-ci ildə vəfat edir. Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib — Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib.
Comments are closed