Bu gün Azərbaycan Rəssamlıq Akademiyasında 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Akademiyanın professor-müəllim heyəti iştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev 1990-cı ildə şahidi olduğu hadisələri xatırlayaraq, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. O, qeyd edib ki, bu faciənin nəticəsində xalqımız öz müstəqilliyi uğrunda daha da mübariz olaraq, sonda öz suverenliyinə nail olub. “Humanitar və ictimai fənlər” kafedrasının müdiri, s.ü.f.d. Rima Qafarzadə çıxış edərək 20 Yanvar faciəsini dünya tarixinin ən ağır faciələrindən biri kimi dəyərləndirib və vurğulayıb ki, “Şəhidlər öləndə yox, unudulanda ölürlər. Biz onları unutmağa qoymamalıyıq!” O, həmçinin qeyd edib ki, 20 Yanvar hadisəsi təkcə bir faciə deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda sarsılmaz iradəsinin simvoludur. Daha sonra “Humanitar və ictimai fənlər kafedrası”nın müəllimi, t.ü.f.d. Bəhmən Kərimov çıxışı zamanı tarixi faktlara əsaslanaraq, 1990-cı il yanvarın 20-də Sovet Ordusu qoşunlarının Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə zəhərli silahlardan istifadə etdiyini qeyd edib. Lakin bu vəhşilik xalqın iradəsini və birliyini sarsıda bilmədi. 3 milyondan çox Azərbaycan vətəndaşı şəhidlərini son mənzilə böyük ehtiramla yola saldığını vurğulayıb. “İncəsənət tarixi” kafedrasının dosenti, s.ü.f.d. Samir Sadıqov çıxışında Mikayıl Abdullayev, Kamil Nəcəfzadə və digər rəssamların 90-cı illərdə yaratdığı əsərlərin 20 Yanvar faciəsini sənətə necə təsir etdiyini qeyd edib. Bundan sonra da bir çox rəssamlar öz əsərlərində bu mövzuya toxunaraq bədii mübarizə apardıqlarını vurğulayıb. 2012-ci ildə Bakıda Azad Əliyev və Cavanşir Dadaşovun 20 Yanvar faciəsinə həsr olunmuş ilk abidəni ucaltdıqlarını, eyni zamanda, faciəni əks etdirən ilk heykəlin Gəncədə Səid Rüstəmovunun müəllifi olduğunu bildirdi. O, gənc rəssamları bu mövzuda daha çox əsərlər yaratmağa təşviq edərək, belə işlərin tariximizin gələcək nəsillərə doğru şəkildə çatdırılmasında vacib olduğunu qeyd edib.Dəyirmi masanın sonunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tags

Comments are closed