8 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində növbəti tədbir planına müvafiq olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Qrafika”, “Dizayn” və “Geyim dizaynı” kafedralarının birgə təşəbbüsü ilə sərgi və moda nümayişi keçirildi.
Sərgini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açıq elan edərək sərgi münasibətilə iştirakçıları təbrik etdi. Ümummilli Lider Heydər Əliyevin rəssamlığın müxtəlif sahələrinin inkişafına göstərdiyi dəstək və böyük qayğıdan söhbət açdı.
Sərgidə “Dizayn” kafedrasının müdiri Faiq Dadaşov, “Qrafika” kafedrasının müdiri Rəsul Hüseynov, “Geyim dizaynı” kafedrasının müdiri Nazim Yunusov çıxış edərək bu sərginin istər müəllimlər, istərsə də tələbələr üçün əhəmiyyətini vurğuladılar. Bu sərgilərin sanki bir hesabat olduğunu qeyd etdilər.
Açılış nitqindən sonra sərgiyə baxış keçirildi. «Dizayn» kafedrasının müəllim və tələbələrinin hazırladığı Heydər Əliyevə həsr olunmuş plakatlarda Ümummilli Liderin mənalı ömür yolu, onun milli inkişaf, müstəqil dövlətçilik, millətə və xalqa sevgisi, möhtəşəm tarixi şəxsiyyət kimi obrazı, siyasi portreti əks olunmuşdur. Akademiyanın rektoru Natiq Əliyev və digər qonaqlar nümayiş olunan əsərlərlə tanış oldular, öz təəssüratlarını bölüşdülər.
Daha sonra “Çiçəklənən doğma Azərbaycan” devizi altında uşaqların moda nümayişi oldu. Moda nümayişi “Geyim dizaynı” kafedrasının tələbələri tərəfindən həyata keçirildi. Kolleksiyada üstünlük təşkil edən modellər əsasən “Avanqard” stilində olan geyimlər oldu. Nümayiş olunan kolleksiyada qarışıq materiallardan istifadə olunmuşdu. “Çiçəklənən doğma Azərbaycan” moda nümayişi izləyicilər tərəfindən xüsusi maraq və rəğbətlə qarşılandı.
Ümumilikdə sərgidə ADRA-nın tələbə və müəllimlərinin 50-ə yaxın qrafika əsəri, plakat işi nümayiş olunur.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 1 həftə davam edəcəkdir.
Comments are closed