İstanbulda Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
“Bir millət, iki dövlət” adı ilə təqdim edilən sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllim-professor heyətinin əl işləri nümayiş olunur.
İstanbulun “Artfactory” sənət qalereyasında təşkil olunan sərgi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı Baş konsulluğu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)-nin dəstəyi ilə baş tutub.
Giriş sözü ilə Türk iş adamı, ADRA-nın fəxri doktoru Ahmet Kabakçı sərgini açaraq, bütün iştirakçıları salamladı. Daha sonra sözü Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayevaya verdi. Çıxışı zamanı bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın önəmini vurğulayan konsul Ulu Öndərin -“Bir millət, iki dövlət” ölməz misralarını bir daha səsləndirdi.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov burada sənətkarlarımızın heykəl, dekorativ sənət, rəsm kimi fərqli mövzularda 57 əsərin nümayiş olunduğunu bildirdi. Sərginin təşkilində göstədiyi dəstəyə görə xanım Dilya Kabakçı və Ahmet Kabakçıya təşəkkürünü bildirdi. ADRA-nın bundan sonra da bu qalereya ilə əməkdaşlığı davam etdirəcəyini xüsusi vurğuladı.
Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin təbrik məktubu sərgi iştirakçılarına çatdırıldı. Sərgidə ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin təbrik məktubunu və ürək sözlərini Hüquq-inzibati və təşkilati məsələlər üzrə rektorun müşaviri (rektorun köməkçisi) Natiq Cəlilov oxudu.
ADRA-nın “Rəsm” kafedrasının müəllimi Kənan Əliyev türkiyəli xeyriyyəçi, sənətsevər insan Nahid Kabakçının xatirəsinə həsr olunmuş xatirə medalyonunu qardaşı “Artfactory” qalereyasının rəhbəri Ahmet Kabakçıya təqdim etdi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” filminin nümayişi oldu.
Qeyd edək ki, sərgi 2024-cü il fevralın 17-dək davam edəcək.









Comments are closed