COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisinin Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda açılışı olub.

Sərginin kuratoru Elçin Şamilli, emalatxanalara baş çəkərək sərgidə nümayiş etdirilməsi üçün çoxsaylı dəyərli əsərlər kəşf etdiyini bildirib. Azərbaycan Mədəniyyət Nazirinin müavini Murad Hüseynov çıxışında sərginin artıq ikinci dəfə təşkil olunduğunu vurğulayıb. O, əlavə edib ki, sərgidə Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərləri təqdim olunur və qarşıda daha çox maraqlı tədbirlərin keçirilməsi gözlənilir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev sərginin insan və təbiət arasındakı dərin əlaqələri incələyən və sənətsevərlərə bu unikal dünyaya daxil olmaq imkanı yaradan bir platforma olduğunu qeyd edib. O, həmçinin sərginin insanları təbiətə yenidən baxmağa təşviq etdiyini bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini Ağəli İbrahimov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Salxab Məmmədov çıxışlarında rəssamların ətraf mühitə fərqli yanaşmalarını əks etdirən unikal əsərlərin tamaşaçılara təqdim olunduğunu vurğulayıblar.

Abstrakt üslubun seçilməsi COP formatına uyğun gəlir və bu sərgi, Azərbaycan Rəssamlar İttifaqının incəsənətin beynəlxalq səviyyədə inkişafına yönələn proqram və strategiyasını əks etdirən mühüm bədii fəaliyyətlər silsiləsinin bir hissəsini təşkil edir.

Sərgi noyabrın 23-dək davam edəcək.

Tags

Comments are closed