8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gün — Zəfər Günüdür.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən Müharibəsi uğrunda 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Ermənistan ordusuna vurulan sarsıdıcı zərbələr, Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu.

Prezident İlham Əliyev bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi və hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzaladı.

Azərbaycan Rəssamlıq Akademiyası olaraq «Zəfər Günü» bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik və bu tarixi günü bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə, vətənimizin ərazi bütövlüyünü qoruyan hərbiçilərimizə can sağlığı diləyirik.

Tags

Comments are closed