Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisi keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev forumun məqsədi barədə məlumat verib. Bildirib ki, “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır. Nazir müavini təhsil ilə əmək bazarı arasında daha interaktiv əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, gənclər gələcəyin tələblərinə uyğun məqsədlər müəyyən etməlidirlər.
Milli Observatoriyanın direktoru Elnur Səfərli tədbir iştirakçılarına SABAH qruplarının 10 illik statistik göstəriciləri barədə məlumat verib.
Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı, professor Natiq Əliyev və digər ali təhsil müəssisələrinin rektorları, rəhbər işçiləri iştirak ediblər.
Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı baş tutub. Azərbaycan Rəssamlıq Akademiyasının tələbə və məzunlarının yaradıcılıq işlərindən ibarət sərgi böyük marağa səbəb olub.
Daha sonra SABAH məzunları “TEDx” formatında çıxışlar ediblər, intellektual yarışlar təşkil olunub.
Forumun ikinci günündə isə “Liderlikdə vizyon və strategiya: uğurun açarı” panel sessiyasında müzakirələr aparılacaq.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin formalaşdırılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.






Comments are closed