Sübhan Məmmədov Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almışdır. Peşəkar yaradıcılığında özünəməxsus bədii üslubu ilə seçilən rəssam, gördüklərini kətan üzərində sadəcə əks etdirmir, onları bədii obrazlarla zənginləşdirərək səətsevərlərə təqdim edir.
Rəssamın zəngin yaradıcılıq irsində müxtəlif mövzulara müraciət etməsi diqqətəlayiqdir. Xüsusilə “Şuşa”, “Qubadlı”, “Bulvar”, “Xurma ağacı”, “Güllər”, “Qadın portreti”, “Karvan”, “Səhər” və “Kompozisiya” kimi əsərləri, onun təbiətə və insan həyatına olan həssas baxışlarını əks etdirir.
2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Sübhan Məmmədov, həm də Azərbaycan incəsənətini beynəlxalq arenada uğurla təmsil etmişdir. Almaniya, Fransa, Türkiyə, İran, Türkmənistan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edərək, rəngarəng əsərləri ilə beynəlxalq tamaşaçıların rəğbətini qazanmışdır. Onun əsərləri ABŞ, Almaniya, Fransa, Ukrayna, Türkiyə və İranda şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi adından Sübhan Məmmədovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni sənət zirvələrini fəth etməyi arzu edirik!






Comments are closed