Görkəmli Azərbaycan rəssamı, professor, Azərbaycan və SSRİ Xalq rəssamı Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olmuşdur.

1937-ci ildə onun atası Teymur Salahov Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir. Elə həmin il sentyabrın 29-da ittiham olunaraq həbs edilib, doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir. Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır. O zaman Tahirin 9 yaşı vardı.

O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. Daha sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olmuşdur. 1955-ci ildə «Dalğa» və «Estakada» adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir.

Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1960-cı ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”ni işləyir. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: «Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım». Portretdə bəstəkarın uzunboğaz ağ geyimdə olması da rəssamın təşəbbüsüdür.

Rəssamın yaradıcılığında Azərbaycan neftçiləri haqqında silsilə əsərlər xüsusi yer tutur. «Neftçi», «Abşeron qadınları», «Bəstəkar Fikrət Əmirovun portreti», «Aydan», «Rezervuar parkı», «Səhər eşelonu» və s. əsərlərin müəllifidir. Rəssamın “Gecə növbəsindən qayıdanlar” adlı əsəri Azərbaycan təsviri-sənətində “sərt üslub”un ilk nümunələrindən hesab olunur.

1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Tahir Salahovun məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirib. Heydər Əliyevin, Fikrət Əmirovun, Mirzə Ələkbər Sabirin, Rəsul Rzanın portretləri bu qəbildəndir.

1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.

1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır.1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir.

Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb.

Tahir Salahov 21 may 2021-ci ildə 92 yaşında müalicə olunduğu Almaniyanın Berlin şəhərində vəfat etmişdir. Görkəmli Azərbaycan rəssamı Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Tags

Comments are closed