5 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində COP29 və SABAH qruplarının 10 illiyinə həsr olunmuş İncəsənət sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov çıxış edərək sərgidə nümayiş olunan yaradıcılıq işlərini yüksək qiymətləndirmiş və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova çıxış edərək tədbirin COP29-la əlaqəsini vurğulamış və sərginin təşkilində əməyi olan qurumlara, ali təhsil müəssisələrinə və tələbələrə təşəkkürünü bildirmişdir.

Bu ilki SABAH İncəsənət Festivalı çərçivəsində keçirilən “Davamlı Gələcək üçün İncəsənət” sərgisində ADMİU, AzMİU, BMA və xüsusilə Azərbaycan Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin bədii xalça, keramika və şüşə, bədii metal, bədii toxuculuq, marketri, dekorativ rəngkarlıq və geyim dizaynı sahələri üzrə hazırladıqları nümunələr nümayiş olunmuşdur.

Sərgidə müxtəlif ali təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, tələbələr, səfirlik nümayəndələri və xarici qonaqlar da iştirak etmişdir. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev 6 noyabr tarixində sərgi ilə tanış olaraq tələbələri uğurlu iştirakları münasibətilə təbrik etmişdir.

Qeyd edək ki, sərgi 25 noyabradək davam edəcəkdir.

Tags

Comments are closed