Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli müvafiq sərəncamı ilə 2024-cü ilin

«Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsinə əsasən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası bu il Bakıda keçiriləcək.

Bakıda keçiriləcək COP 29 beynəlxalq forumunun başlanması ərəfəsində dəstək məqsədilə,

6 noyabr 2024-cü il tarixində Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə

«Yaşıl Vətən, Yaşıl Dünya» adlı sərgi təşkil olunmuşdur. Tədbiri Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli açıq elan etdi.

O, öz çıxışında Azərbaycanın dünyanın ən böyük, mühüm dövlətlərarası tədbirlərindən biri olan COP 29-a 2024-cü ildə ev sahibliyi etməsindən və Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsindən söz açdı.

Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev çıxışında sərginin əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsün, ətraf mühitin qorunması və «Yaşıl gələcək» naminə maarifləndirmə istiqamətində mühüm rol oynadığını bildirdi. Azərbaycan Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev çıxış edərək sərginin Azərbaycan incəsənətində davamlı inkişafın simvolu olduğunu, gələcək nəsillərə ətraf mühitə məsuliyyətli yanaşma mesajı verdiyini vurğuladılar. Sərgidə 40-dan çox əsər nümayiş olundu: rəngkarlıq, dəzgah qrafikası, plakatlar və gobelen. Bu əsərlərdə Azərbaycan xalqının öz vətəninə məhəbbəti, Azərbaycanın zəngin və rəngarəng təbiəti aydın şəkildə əks olunub. Keçirilən sərginin bədii hissəsində Bülbül adına tam orta musiqi məktəbinin şagirdləri canlı ifaları ilə çıxış etdilər.

Tədbirdə Azərbaycan Rəssamlıq

Akademiyasının professor, dosent, müəllim heyəti və sərgilənən rəsm əsərlərinin müəllifləri qonaq oldular.

Həmçinin tədbirdə Bakı Dövlət

Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri iştirak etdilər.

Sərgi noyabr ayının 25-nədək davam edəcək.

Tags

Comments are closed