Bu gün, Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində 8 noyabr — Zəfər Gününə həsr olunmuş «Zəfərimiz! Qürurumuz! Mənəviyyatımız!» adlı elmi konfrans keçirilib.
Konfransda Azərbaycan Rəssamlıq Akademiyasının rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi konfransı açılış nitqi ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev etdi. Rektor, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 noyabrın ölkəmizdə «Zəfər Günü» kimi təntənəli şəkildə qeyd edilməsi qərarını konfrans iştirakçılarına bir daha xatırlatdı. O, iştirakçıları 8 noyabr — Zəfər Günü münasibətilə təbrik edərək, qazanılan böyük qələbəni Azərbaycanın son iki əsrlik tarixinin ən şanlı və qürurverici səhifəsi adlandırdı.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və “İncəsənət tarixi” kafedrasının professoru Ziyadxan Əliyev “Zəfərimiz təsviri sənətimizdə” adlı mühazirə ilə çıxış etdi. O, akademiya tələbələrinin bu mövzuda hazırladıqları əsərləri təqdim edərək, zəfərin təsviri sənətdəki əksini vurğuladı.
Tarix üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Bəhman Kərimov “Milli yaddaşımızın qürur günü” adlı mühazirəsində tarixi qələbəmizin milli kimliyimiz və mədəniyyətimiz üzərindəki əhəmiyyətini önə çəkdi.
ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov “Müasir dövr Azərbaycan rəngkarlığında Zəfər mövzusu” adlı məruzəsi ilə çıxış edərək, rəssamların bu mövzuda işlədiyi əsərlərin əhəmiyyətini vurğuladı və sənətşünas olaraq öz münasibətini bildirdi.
Həmçinin, konfransda Azərbaycan Rəssamlıq Akademiyasının İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş tələbələrinin yer aldığı Zəfərə həsr olunmuş video çarx nümayiş olundu.
«Zəfərimiz! Qürurumuz! Mənəviyyatımız!» adlı elmi konfrans zəfərimizin əhəmiyyətini və rəssamlıq sənətindəki yerini bir daha xatırlatmaqla yanaşı, gənc nəslin milli ruhu mənimsəməsinə də müsbət töhfə verdi.










Comments are closed