1 noyabr 2024-cü il tarixində Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində “Müasir İncəsənətdə Göbəklitəpə” adlı panel baş tutdu.
Tədbir, Elmi Konfrans zalında səmimi söhbətlə başlayaraq, Muzey-sərgi kompleksində panel iclas davam etdi. Paneldə Azərbaycan və Türkiyənin tanınmış sənət adamları iştirak edirdilər.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev çıxış edərək qonaqları salamladı. Rektor “Müasir İncəsənətdə Göbəklitəpə” adlı panel hissəsinin akademiyada keçirilməsindən məmnun olduğunu bildirdi. O, dünya sivilizasiyasının tarixinin vacib tapıntısı olan Göbəklitəpənin əhəmiyyəti haqqında danışmaq üçün panel iştirakçılarına söz verdi.
Tədbirdə Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç çıxış edərək panelin iki ölkə arasında mədəni əməkdaşlığın nəticəsi olduğunu və eyni zamanda akademiyanın tələbələri üçün qədim sivilizasiyanın sənət sahəsində geniş təbliğinə mühüm töhfə verdiyini vurğuladı.
“Müasir İncəsənətdə Göbəklitəpə” adlı layihə çərçivəsində açılan sərginin kuratoru Siret Uyanık məruzə edərək UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan 12 min il əvvələ aid Göbəklitəpənin bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri və yer üzündəki ilk ibadət yeri, məbəd olduğunu qeyd edərək ətraflı məruzə təqdim etdi.
Panelin moderatoru, professor Aydın Ayan isə, Göbəklitəpədə 20 il boyunca qazıntılar aparan professor Klaus Şmidtin T şəkilli sütunlarla bağlı fikirlərinə toxundu. O, bu sütunların insan fiqurlarını təmsil etdiyini və bəzilərində əl və barmaq izlərinin də yer aldığını xüsusi vurğuladı.
Panelistlərdən professor Abbas Seyidov öz növbəsində bu panelin azərbaycanlı rəssamların və gənclərin bu mövzu ilə yaxından tanış olmalarının əhəmiyyətini vurğuladı.
Professor Alaybey Köroğlu Göbəklitəpənin “tarixin sıfır nöqtəsi” olduğunu bildirərək, dünya sivilizasiyasının başlanğıc nöqtəsi kimi əhəmiyyətini vurğuladı. O, məbədin görüntülərini təqdim edərək, iştirakçılara tarixin bir parçasını vizual şəkildə əks etdirdi.
Türkiyədə fəaliyyət göstərən həmvətənimiz Teymur Rzayev “Müasir İncəsənətdə Göbəklitəpə” adlı panelin məqsədinin Azərbaycan Rəssamlıq Akademiyası tələbələrini məlumatlandırmaq və onları bu mövzuda yeni sənət əsərlər yartmağa təşviq etməkdən ibarət olduğunu bildirdi.
Bu panel Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın dərinləşməsinə və qədim sivilizasiyanın sənət sahəsində daha geniş təbliğinə önəmli bir töhfə oldu.
















Comments are closed