Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının Muzey sərgi-kompleksində “Plener və impressionizm cərəyanı” adlı metodik seminar keçirildi.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev tələbələrin plener işlərinin yaradıcılıq inkişaflarına verdiyi önəmi vurğulayıb. O bildirib ki, impressionizm cərəyanının yaranması plener rəssamlığına yeni bir mərhələ açıb və bu seminarın təşkil olunması tələbələrə impressionizm cərəyanı ilə yaxından tanış olmaq fürsəti yaradır.

“İncəsənət tarixi” kafedrasının müdiri Rayihə Məmmədli “İmpressionizm cərəyanının tarixi və yaranma səbəbləri” adlı mühazirə ilə çıxış edərək, impressionizm cərəyanının yaranma tarixi, keçdiyi inkişaf yolu və onun formalaşmasında rol oynayan tarixi proseslər haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, bu cərəyanın yaranması bir sıra sosial, texniki, mədəni, elmi dəyişikliklərin nəticəsində mümkün olmuşdur. Bu sırada 1840-cı illərdə ilk boya saxlama qablarının da meydana gəlməsi ilə rəssamların açıq havada, yəni plenerdə işləmə imkanlarının genişləndiyini vurğuladı.

Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri — Fidan Mahmudova “E. Mane yaradıcılığının impressionizm cərəyanının formalaşmasına təsiri”, Ləman Qurbanova “O. Renuar, Q.Kaybot, B.Moriso yaradıcılığında impressionizmin səciyyəvi xüsusiyyətləri”, Ülkər Piriyeva “Klod Mone və impressionizm”, Əzizə Məmmədova “K. Pissaro və A. Sisley-lirik mənzərə sənətkarları”, Zəhra İsgəndərli “Neoimpressionizm — mənzərə janrının inkişafında yeni mərhələ. J. Syora və P. Sinyak”, Aytac Umarova “Azərbaycan təsviri sənətində impressionizm” mövzuları ilə çıxış etdilər.

Seminarda, Azərbaycan Rəssamlıq Akademiyasının “Rəngkarlıq” və “Qrafika” ixtisasında təhsil alan tələbələrin yay təcrübəsi zamanı plenerdə işlədikləri etüdlər də nümayiş olundu.

Tədbirin sonunda bu cür seminarların davamlı olaraq təşkil olunmasının gənc rəssamların inkişafı üçün vacib olduğunu, onların yaradıcılıq potensialını artırmaqla yanaşı, incəsənət dünyasında daha aktiv iştirak etmələrinə imkan yaradacağı vurğulandı.

Tags

Comments are closed