Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Xəlil Əliyevin 70 illik yubileyinə həsr olunmuş fərdi sərgi keçirildi. Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti iştirak etdi.

Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev çıxış edərək Xəlil Əliyevin təkcə memar kimi deyil, eyni zamanda rəssamlığın müxtəlif sahələrində də fəal şəkildə yaradıcılıqla məşğul olmasını yüksək qiymətləndirdi. Rektor çıxışında memarlıq ixtisasında təhsil alan tələbələr üçün belə dəyərli bir mütəxəssisin bu ildən müəllim kimi fəaliyyət göstərməsini xüsusi təqdir etdi. Bununla yanaşı, rektor Xəlil Əliyevi fərdi sərgisi münasibətilə də təbrik edərək, onun incəsənətə və memarlığa verdiyi töhfələri vurğuladı.

Azərbaycan Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Saleyev, beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Salxab Məmmədov, Muzey-Sərgi Kompleksinin direktoru, Əməkdar incəsənət xadimi Lələ Eldarova çıxış edərək Xəlil Əliyevin rəngkarlıq və keramika işlərində müxtəlif dərin məzmunlu mövzuların öz əksini tapdığını qeyd etdilər. Onlar, memar-rəssamın əsərlərindəki rənglər və formaların arxasında böyük sevgi və səmimiyyətin dayandığını bildirdilər. Bu yaradıcılıq məhsuldarlığının isə məhz Xəlil Əliyevin insanlara, sənətə və həyata duyduğu dərin bağlılığın nəticəsi olduğunu vurğuladılar.

Xəlil Əliyev öz növbəsində akademiyanın rəhbərliyinə və sərgidə iştirak edən bütün qonaqlara dərin minnətdarlığını bildirdi. O, sərgiyə təşrif buyurub, əsərlərinə verdikləri dəyərə görə təşəkkür etdi. O, həmçinin uzun illər Azərbaycan Rəssamlıq Akademiyasında fəaliyyət göstərmiş və onun yarandığı gündən “Geyim dizaynı” kafedrasında dərs demiş, həyat yoldaşı dosent Sevil xanım Əliyevanı da xatırlayaraq, bu sərginin burada təşkil olunması ilə onun ruhunun bu gün şad olduğunu vurğuladı. Xəlil Əliyevin bu səmimi çıxışı qonaqlar arasında dərin kövrəklik hissi oyatdı və rəssamın həyatında sevgiyə və insani dəyərlərə nə qədər bağlı olduğunu bir daha nümayiş etdirdi.

Sərgi izləyicilər tərəfindən böyük maraqla qarşılandı və Xəlil Əliyevin müxtəlif sənət sahələrindəki yaradıcılığı izləyicilər tərəfindən xüsusi diqqətə layiq görüldü.

Qeyd edək ki, rəssamın yaradıcılığında monumental və dekorativ-tətbiqi sənət əsas yer tutur. Bununla yanaşı, o qrafika və rəngkarlıq əsərlərinin müəllifidir. Rəssam respublika və xaricdə keçirilən sərgilərin daimi iştirakçısıdır. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Sərgidə Xəlil Əliyevin qrafika, rəngkarlıq və keramikadan ibarət müxtəlif növ və janrları əhatə edən 110 əsəri nümayiş olunur.

Açılış mərasimi 16 oktyabr 2024-cü il tarixinədə baş tutan Xəlil Əliyevin 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi Azərbaycan Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində (Bakı, Heydər Əliyev prospekti, 24) bir həftə davam edəcəkdir.

Tags

Comments are closed