Bu gün Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın doğum günüdür (14 oktyabr 1912, Dərbənd — 21 aprel 2006, Bakı).

Həyat Abdullayeva Azərbaycan təsviri sənətində, dəzgah heykəltəraşlığında xüsusi yer tutur. O, dəzgah heykəltaraşlığı sahəsində ilk ali təhsilli heykəltaraş qadın olmuşdur.

Ağır həyat yolu keçən Həyat xanım atasının güllələnməsindən sonra 1930-cu ildə anası ilə birlikdə Qazaxıstana sürgün edilmişdir. 1942-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuşdur. Həmin illərdə Həyat xanım «Tutu xanım», «Həsən bəy Zərdabi» kimi əsərlərini yaratmışdır. Təhsilini başa vurduqdan sonra o, Bakıya qayıdır və Bakı Rəssamlıq Texnikumunda dərs deyir. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda sənətin sirlərini P.Sabsayın emalatxanasında alır.

Həyat Abdullayeva 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin — «Ana» (1955), «Yeddi gözəl» (1957) heykəlcikləri, «Həcər» (1959), «Gənclik» (1960), «Lay-lay» (1963) heykəl-kompozisiyaları, Molla Pənah Vaqifin abidəsi (1957), «İki qız» (1967), «Vəcihə Səmədovanın portreti» (1970), «Sənsiz» (1972), «Şah İsmayıl», «Natəvan» və s. kimi yaddaqalan işlərin müəllifidir.

Heykəltəraş Nizaminin 7 gözəl və Bəhram poemasının motivləri əsasında yaranmış heykəllər silsiləsi yaratmışdır. Həyat xanımın uşaqlara həsr olunmuş məzmunlu kompazisiyaları yaradıcılığında xüsusi yer tutur. Uşaqların sadə təmiz mənəviyyatının təsvirinə, xarakteristikasına tamaşaçıların diqqətini cəlb etmişdi. Sovet ədəbiyyatının banisi Maksim Qorkinin heykəlini yaratmışdır. Heykəl M.F.Axundov adına Milli Kitabxananın fasadında qoyulub.

Həyat Abdullayeva 21 aprel tarixində Bakıda vəfat edib.

Tags

Comments are closed