Bakıda regionda ilk dəfə beynəlxalq metal simpoziumu – “Baku Steel Art 2024” 17-30 sentyabr 2024-cü il tarixləri arasında müvəffəqiyyətlə baş tutub.

Oktyabrın 1-i Simpozium COP29 ərəfəsində “Baku Steel Company” QSC (BSC) və “QGallery” təşkilatçılığı, ADRA-nın dəstəyi ilə “Baku Steel ART 2024” -ün geniş bağlanış mərasimi baş tutdu.

Simpoziumun yekun sərgisində “Baku Steel company” – nin baş direktoru Kamal İbrahimov, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Q Galery təsisçisi Emin Məmmədov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev geniş çıxış ediblər.

Simpoziumun əsas məqsədi incəsənətlə metallurgiyanın qarşılıqlı əlaqəsini nümayiş etdirmək, həmçinin, bu əlaqənin dayanıqlı inkişafa töhfə verərək ekoloji dəyişikliklər üçün katalizator rolunu oynaya biləcəyini göstərmək idi.

Simpoziuma Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Hindistan və Bolqarıstan da daxil olmaqla, 7 ölkədən 12 sənətkar qatılıb. Sözügedən tədbirdə ölkəmizi Rəşad Ələkbərov, Teymur Qəribov, Rahib Qarayev, Müşfiq Heydərov, Çinarə Baxşiyeva və Jalə Əliyeva kimi heykəltəraşlar təmsil ediblər.

Beynəlxalq iştirakçılar isə Gürcüstandan Aleksandr Popxadze, Türkiyədən Nilhan Sesalan, Rumıniyadan Çiprian Hopirtean, İsraildən Nirit Levav Paker, Bolqarıstandan Kamen Tanev və Hindistandan Haribaabu Naatesan idi.

Dünyanın müxtəlif guşələrindən Vətənimizə təşrif buyuran sənətkarlar ölkəmizdə bu il qeyd olunan “Yaşıl dünya naminə həmrəylik ili”nin missiyasını da layiqincə yerinə yetirmiş oldular.

Tags

Comments are closed