Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elşad Əhmədov Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev yeni təyinat münasibətilə Elşad Əhmədovu akademiyanın nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin müəllim heyətinə təqdim edib. Tədbir zamanı rektor Natiq Əliyev kollecin zəngin tarixinə nəzər salaraq, Azərbaycanın bir çox görkəmli rəssamlarının məhz bu təhsil ocağının yetirmələri olduğunu qeyd edib. O, yeni təyinatın kollecin əvvəlki səviyyəsinin yüksəlməsinə xidmət edəcəyinə olan inamını da ifadə edib.

Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin yeni direktoru Elşad Əhmədov çıxışında ona göstərilən yüksək etimada görə dərin təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb.

Tədbirdə ADRA-nın tədris işləri üzrə prorektoru, s.ü.f.d., dosent Afət Aslanova, beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov, elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev də çıxış edərək yeni təyinatın uğurlu seçim olduğunu vurğulayıblar. Onlar Elşad Əhmədovun gənc olmasına baxmayaraq, kollecin inkişafına dəyərli töhfələr verəcəyinə və bir çox yeni layihələrə imza atacağına əminliklərini bildirərək, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, Elşad Əhmədov Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur. Daha sonra təsviri incəsənət sahəsində yüksək ixtisaslı mütəxəsisslərin hazırlanması sahəsində böyük töhfələr vermiş İ.Y.Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda görkəmli rəssamların emalatxanalarında təhsilini davam etdirərək rəngkarlıq ixtisasını magistr dərəcəsi üzrə bitirmişdir. 2020-ci ildə həmin institut tərəfindən dəvət olunaraq assisentura-stajirovkada təhsil alıb “Yüksək ixtisaslı rəssam-rəngkar. Ali təhsil müəssisələrində yaradıcılıq fənnləri üzrə pedaqoq” ixtisasına yiyələnmişdir.

2022-ci ildən Azərbaycan Rəssamlıq Akademiyasının Rəsm kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.

Tags

Comments are closed