Bu gün Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın doğum günüdür.
Tanınmış xalça ustası Lətif Kərimovun tələbəsi və layiqli davamçısı olan, Lomonosov adına Moskva Dövlət Universitetində professor N.V.Vasilenkonun yanında təcrübə keçən Kübra Əliyeva 50 ildən artıqdır ki, həyatını xalçaçılıq sənətinə həsr edib. O, “Azərbaycanın xovsuz xalçaları”, “XVI-XVII əsr Təbriz xalçaçılıq məktəbi” (2 dildə), “Azərbaycanın xovsuz məişət əşyaları”, “Kamil Əliyevin yaradıcılığı”, “Lətif Kərimovun həyat və yaradıcılığı”, “Azərbaycan ərazisində yaşayan talışların həsr toxuma sənəti” (3 dildə), «Xalı və xalçaçılıq terminləri lüğəti” kimi kitabların müəllifidir.
Kübra Əliyeva 12 kitabın, 500-dən artıq elmi-publisistik məqalələrin müəllifidir. Milli irsimizin yorulmaz tədqiqatçısı və təbliğatçısı Kübra Əliyeva 45 ildən artıq müddətdə müəllim kimi çalışıaraq yüzlərcə rəssam, sənətşünas və dizaynerlər yetişdirib, yüksək ixtisaslı kadrlar hazırlayıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanı yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayır.

Comments are closed