Ötən əsrin 30-cu illərində “Molla Nəsrəddin” jurnalı fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanda satirik jurnal qalmamışdır. Bu istiqamətdə 1952-ci ildən nəşr olunmağa başlayan “Kirpi” jurnalı dahi Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının ənənələrinə sadiq qalmağı qarşısına məqsəd qoymuşdur.

Jurnalın nəşrə başlanması dövrün, zamanın tələbi olmuş və müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilmişdir.

Dərgi sovet hakimiyyəti illərində öz cürətli çıxışları ilə cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdirmişdir. “Kirpi” jurnalının çap olunması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir.

Əzim Əzimzadə məktəbini davam etdirən Nəcəfqulu İsmayılov, Tahir Salahov, Oqtay Sadıqzadə, Güllü Mustafayeva, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikatura ustalarımız yetişmişdir.

Tags

Comments are closed