Əməkdar rəssam İsa Məmmədov 1956-cı ilin 5 martında Zəngəzur mahalının Qafan rayonunda anadan olmuşdur. 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub, burada Rəşid Heydərzadədən sənətin incəliklərini öyrənmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq fakültəsinə daxil olub, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə kimi rəssamlardan dərs almışdır.
İsa Məmmədovun yaradıcılığı impressionizm üslubuna yaxın idi. Əsasən mənzərə janrında işləyən rəssam, yaradıcılığında Bakı mövzusuna xüsusi yer verirdi. Onun “Bakı mənzərəsi”, “Dənizkənarı Milli Park”, “Paytaxtın Nizami küçəsi” kimi əsərləri xüsusi tanınırdı. Şəkinin təbiətini əks etdirən “Şəki mənzərəsi”, “Şəki motivi”, “Şəki. Kiş kəndi” kimi tabloları da diqqətəlayiqdir. Rəssam işıq-kölgə oyunlarından məharətlə istifadə edərək, təbiətdən ilhamlanaraq gerçəkliyi və duyğularını rəngarəng koloriti ilə çatdırmağı bacarırdı. Bakı və Şəkini müxtəlif fəsillərdə təsvir edildiyi əsərləri ilə tanınırdı. Əməkdar rəssamın əsərləri Türkiyə, Rusiya, Fransa, İtaliya, ABŞ və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və kollektivi tanınmış Əməkdar rəssam, dosent İsa Məmmədovun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
ALLAH RƏHMƏT ELƏSİN!
Comments are closed