Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli Çingiz Fərzəliyevin Berlin şəhərində “Dünyanın siması” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Açılış günündə çıxış edən Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Cavid Nəsirli rəssama səfirin təbrikini çatdırıb. Daha sonra çıxış edən ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov sərgi iştirakçılarına rəssamın yaradıcılıq yolundan, onun sənətinin özəlliklərindən danışıb. Əsasan peyzaj olan əsərlərin ümumi bir vəhdət təşkil etdiyini vurğulayıb.
Çingiz Fərzəliyev öz növbəsində çıxış edərək sərgi iştirakçılarına təşəkkürünü bildirib. O, həmçinin məşhur rəssamlar məmləkətində bu sərginin açılmasının böyük şərəf olduğunu vurğulayıb. “Dünyanın siması” sərgisində yer alan əsərlərin əsas məqsədinin dünyamızı qorumağa və bəşəriyyəti ətraf mühitlə bağlı daha diqqətli olmağa çağırışdan ibarət olduğunu bildirib.
Qeyd edək ki, “Dünyanın siması” adlı sərgidə rəssamın 15 rəngkarlıq əsəri nümayiş olunur. Sərgi 13 iyul 2024-cü il tarixinədək Q Gallery Berlin sərgi salonunda davam edəcəkdir.

Tags

Comments are closed