Qeysər Kaşıyeva 1893-cü il iyunun 7-də Tiflisdə anadan olub.

O, təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. Qeysər Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907–1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R. Zommer və O. Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında «Ziyalı qadın», «Qoca keşikçi», «Gürcü qızı», «Ovçu», «Yanğınsöndürən», «Qoqolun portreti», «Azərbaycan ziyalısı», «Küpəgirən qarı», «İ. Qonçarovun portreti», «Azərbaycan ziyalısı», «Göl sahili» və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, «Şərq qadını» jurnalına (1923–1938-ci illərdə Bakıda çap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.

Rəssamın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Qeysər Kaşıyeva 1972-ci il aprelin 17-də Bakı şəhərində vəfat etmişdir.

Tags

Comments are closed