Faiq Əhmədov Azərbaycan rəngkarlığında özünəməxsus yeri olan sənətkarlardandır.

Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını əla qiymətlərlə bitirən rəssam Bakıya qayıdaraq öz sahəsi üzrə çalışır. İlk olaraq C. Cabbarlının “1905-ci ildə” pyesi üçün dekorasiya və geyim eskizləri hazırlayır.

Rəssam “Evli”, “Toxucular”, “Baharda”, “Xəzər dənizinin neftçiləri”, “Axşam”, “Xatun”, “Aylı gecə” və digər formaca aydın, rənglərin özünəməxsusluğu ilə seçilən rəngkarlıq əsərləri yaratmışdır. O, həmçinin rəngkarlıq ilə yanaşı teatrlarda, kinostudiyalarda və televiziyada səmərəli yaradıcılıq fəaliyyəti göstərib. Faiq Əhmədov 1960-cı ildə ekranlaşdırılan “Aygün” filminin, 1964-cü ildə səhnələşdirilən “Ulduz” tamaşasının rəssamıdır. İ. Əfəndiyevin “Su üzərində söyüdlər”, M.Ordubadanın “Yeraltı Bakı”, “Musa Cəlil” və bir sıra digər televiziya tamaşaları rəssamın yaradıcılıq uğurlarından hesab olunur.

Faiq Əhmədov 1965-ci ildə Azərbaycanda ilk Kukla teatrının yaradıcısıdır. Faiq Əhmədov 19 il A. Şaiq adına Kukla teatrında baş rəssam vəzifəsində çalışıb. «Göyçək Fatma», «Ələddinin sehirli çırağı», «Əkiz qardaşlar», «Sembo» və s. əsərlərin müəllifidir. Respublikamızda və xarici ölkələrdə açılan sərgilərdə fəal iştirak etmişdir. Rəssam Faiq Əhmədov «20 Yanvar» faciəsinə biganə qalmayaraq «Bütün dünya parlamentlərinə», «20 yanvar», «Xocalı» əsərlərini yaratmışdır. F. Əhmədovun yaradıcılığında olan əsərlər ölkə muzeyləri ilə yanaşı Türkiyə, Yaponiya, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Əməkdar rəssam Faiq Əhmədov 2005-ci ildə dünyasını dəyişib.

Tags

Comments are closed