16 May 2024-cü il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “İncəsənət tarixi” kafedrasının təşkil etdiyi tədbir keçirilib.

Tədbirdə ADRA “Təsviri incəsənətin tarixi və nəzəriyyəsi” ixtisası üzrə təhsil alan II kurs magistr tələbəsi Cavid Həsənli “Azərbaycan müasir incəsənətinin qısa tarixi və strukturu” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində çağdaş Azərbaycan incəsənətində formalaşan yeni təmayüllər, konseptual incəsənətin formalaşması, Təsdiq, Peykər, Labirint kimi yaradıcılıq qrupların fəaliyyəti, sənətşünas-kurator Leyla Axundzadənin, Yarat Müasir İncəsənət Məkanının, Var-Yox, Gazelli Art House və digərlərinin həyata keçirdiyi layihələr, sərgilər haqqında ətraflı məlumat verib.

Tədbirdə, həmçinin qeyd olunan bir çox layihələrin, sərgilərin bilavasitə iştirakçısı olmuş Əməkdar rəssam Rəşad Ələkbərov da iştirak edib. R. Ələkbərov öz növbəsində çıxış edərək tədbir iştirakçılarına müasir incəsənətlə bağlı maraqlı məlumatlar verib, yaradıcı qrupların yaranmasında, fəaliyyətində yaşanan çətinliklərdən və əldə olunan nəticələrdən danışaraq, bu dövrün gənc nəsil rəssamları üçün daha çox axtarışlar, eksperimentlər dövrü olduğunu vurğulayıb. Sonda hər iki məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tags

Comments are closed