7 may 2024-cü il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində “Heydər Əliyev mirası” adlı elmi konfrans və ADRA-nın professor-müəllim heyətinin yaradıcılıq əsərlərindən ibarət sərgi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev Elmi konfrans və sərgini açıq elan edərək “Heydər Əliyev ili” çərçivəsində akademiyada keçirilmiş sərgilərdən, onların rəssamlıq sahəsinə olan əhəmiyyətindən danışıb. Rektor öz növbəsində böyük tarixi şəxsiyyət, Ümummili Lider Heydər Əliyevin Azərbaycan naminə çoxşaxəli fəaliyyətinin ən mühüm məqamlarına toxunaraq, onun ölkənin siyasi, ictimai, mədəni həyatında rolundan bəhs edib.
“Humanitar və ictimai fənlər” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov öz növbəsində “Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı” mövzusunda məruzə edərək Azərbaycanın inkişafının Ulu Öndərin hakimiyyəti illərində təşəkkül tapmasını vurğulayıb.
“İncəsənət tarixi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kübraxanım Əliyeva “Dövlətin memarı. Bir həyatın ensiklopediyası” adlı mövzu üzrə çıxış edərək Heydər Əliyev obrazının incəsənətin bütün sahələrində yer aldığını xüsusi vurğulayıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının müdiri, dosent Rima Qafarzadə “Heydər Əliyevin Azərbaycanda ekologiya siyasəti və ekoloji mədəniyyət” mövzusunda çıxış edərək Ulu Öndərin qoyduğu ənənəni bu gün də gələn nəsillərin qorumalı olduğunu qeyd edib.
ADRA-nın “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasının II kurs magistrantı Firudin Abdullazadə “Azərbaycan portret heykəltəraşlığında Heydər Əliyev obrazı” mövzusunda çıxış edib.
Sonda ADRA-nın Elm şöbəsinin hazırladığı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Elmi konfransdan sonra ADRA-nın professor-müəllim heyətinin yaradıcılıq işlərindən ibarət sərgi açıq elan edilib. Qeyd edək ki, bu sərgi müəllimlərin yaradıcılıq əsərlərini və elmi fəaliyyətlərini geniş auditoriyaya təqdim edir. Sərgidə rəngkarlıq, heykəltaraşlıq, qrafika, plakat, batika, zərgərlik, şpon, keramika, qobelen, ümümilikdə təsviri sənətin bütün növlərini əhatə edən 120-dən artıq əsər nümayiş olunub.
Xatırladaq ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmışdır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksinin sərgi salonunda keçiriləcək “Heydər Əliyev mirası” adlı sərgi 20 may 2024-cü il tarixinədək davam edəcəkdir.










Comments are closed