Bu gün Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür.
Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açan sənətkardır. Çağdaş dövrümüzdə yeni rəssamlar nəsli hələ də onun ənənələrindən bəhrələnirlər.
Əzim Əzimzadə yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.
Onun əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib.
Rəssam satirik şair Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib. Rəssamın əsərləri dünyanın bir sıra muzeylərində nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Məktəbi 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.
13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb ADRA nəzdində İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.
Comments are closed