O, təhsilini 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində, daha sonra isə 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir.
1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev «Abşeron məktəbi» kimi tanınan istedadlı gənc rəssamlardan ibarət «Abşeron qrupu»nun ən istedadlı üzvlərindən birinə çevrilmişdir.
Tələt Şıxəliyev «Güzgü ilə qız», «Xoruz ilə oğlan», «Oğlumun portreti», «Analıq», «Həkimin qəbulunda», «Qız qalası», «Yol», «Molla Nəsrəddinin Lətifələri», «Şeydanın portreti» və digər əsərlərin müəllifidir.
Rəssamın yaradıcılığında uşaq mövzusu xüsusi yer tutur. «Oğlumun portreti», «Gənc rəssam», «Qızım yatarkən», «Uşaq və pişik» kimi tabloları uşaq psixologiyasını, onların nağıl dünyasını, istək və arzularını rənglərin sehirli dili ilə açmağa çalışan həssas rəssam qəlbinin ifadəsidir.
Tələt Şıxəliyevin əsərləri ölkəmizdə, bir çox xarici muzey və qalereyaların fondunda, şəxsi kolleksiyalarda saxlanılır.
Qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmiş rəssam T.Şıxəliyev 1987-ci ildə vəfat edib.
Comments are closed