Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlıq təşkil edir.
Akif Əsgərov «İblis», «Topal Teymur», «Şeyx Sənan», «Su içərkən», «Rəfiqələr», «Oturan qız», «Qız fikir dünyasında», «Oğlan uşaqları xalça üstündə», «Ayaq üstündə duran çılpaq qız» və s. dəzgah heykəllərinin yaradıcısı olmuşdur.
Heykəltəraş «General şəhidlərə abidə» (Urmiya), Yusif Məmmədəliyevin abidəsi (Bakı), Bülbülün abidəsi(Bakı), Nizami Gəncəvinin büstü (Kişnyov), Əli Mərdan bəy Topçubaşovun Qəbirüstü abidəsi(Paris), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstü (Sloveniya), Frideş Podmanskinin xatirə lövhəsi (Budapeşt) heykəllərinin müəllifidir.
Akif Əsgərov Ulu Öndər Heydər Əliyevin Şamaxı, Xaçmaz, Quba, Qusar, Balakən, Zaqatala, Bakı, Misir, Türkiyə, Tbilisidə yerləşən heykəllərinin müəllifidir. Heykəltəraş «Xocalı»(Berlin), «Dostluq» (Qnezno) abidələrinin həmmüəllifidir.
Heykəltəraşın işləri nəinki Azərbaycanın, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərləri Fransa, Almaniya, ABŞ, Türkiyə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan «Mənim qızım» və Moskvada Tretyakov qalereyasında saxlanılan «Hüseyn Cavid» heykəllərinin adını çəkmək olar.
Akif Əsgərov Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professoru olub.
Görkəmli heykəltəraş 18 noyabr 2023-cü ildə 83 yaşında vəfat etmişdir.



Comments are closed