29 Aprel 2024-cü il tarixində ADRA Muzey-Sərgi Kompleksində Türkiyənin Mimar Sinan Güzel Sanatlar Universitetinin müəllimi Esen Baydemirin “Yer və Göy” (“Arş-ü Ferş”) adlı fərdi sərgisi baş tutdu.
Esen Baydemirin yaradıcılıq əsərlərindən ibarət sərgidə 16 qobelen əsəri nümayiş olunurdu.
Sərgini açılış nitqi ilə ADRA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev açaraq Esen Baydemiri sərgisi münasibətilə təbrik etdi. Rəssamın əsərlərində incəliyin, kompozisiya quruluşunun, fəzada tarazlığın tapılmasının, rəng münasibətinin işlərə özəllik verməsini xüsusi vurğuladı.
ADRA Beynəlxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsinin müdiri Afaq Hüseynova öz növbəsində çıxış edərək, sərgi iştirakçılarına işgüzar səfərdə olan ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin və ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədovun salamlarını çatdırdı. O, bu sərginin növbəti əməkdaşlığın başlanğıcı olacağını vurğuladı.
Esen Baydemir çıxış edərək ilk növbədə isti qarşılanmaya və bu sərginin təşkilində göstərdiyi köməkliyə görə ADRA rəhbərliyinə minnətdarlığını bildirdi. Bu sərginin “qadın” və “ağac” mövzusundan ibarət olduğunu bildirdi. Bu formulun Orta Asiyadan, Anadoludan qaynaqlandığını “Ağaca dönən qadın — Dəfnə ağacı” əfsanəsindən ilhamlandığını vurğuladı.
Qeyd edək ki, Esen Baydemir Mimar Sinan Güzel Sanatlar Üniversitetinin Xalça və Kilim toxumalar ixtisası üzrə tədris aparır.
Açılış mərasimində ADRA-nın rəhbər işçiləri, professor-müəllim heyəti, tələbələr və qardaş ölkədən bir sıra nümayəndələr iştirak etdilər.
29 Aprel saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində açılışı baş tutan sərgi 8 May tarixinədək davam edəcəkdir.








Comments are closed