28 Aprel tarixində görkəmli oftalmoloq, akademik, nəcib insan Zərifə Əliyevanın doğum günüdür (1923-1985).

Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərib. Vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z. Əliyevanın daktriologiyadan bəhs edən – «Göz sulanmasının fiziologiyası», «Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi» monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. «Terapevtik oftalmologiya», «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərlərin həmmüəllifi, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Bütün ömrünü insanlara xidmətə sərf etmiş görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adı qədirbilən xalqımızın yaddaşında daima yaşayacaqdır.

Tags

Comments are closed