Ötən gün paytaxt Bakıda dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldılıb.

Qeyd edək ki, Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.

Ötən il avqustun 8-də təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb.

Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

Tags

Comments are closed