22 Aprel Azərbaycan təsviri sənətinin parlaq nümayəndələrindən biri Xalq rəssamı, yaradıcılığının mühüm hissəsini mətbuata həsr etmiş Hüseyn Əliyevin doğum günüdür.
Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək «Xalq qəzeti»nin («Kommunist») bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib.
Təsviri sənətdə fərdi dəsti-xəttə malik Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. İstedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edib. Hüseyn Əliyev «Zəngəzur mənzərəsi», «Zəngəzur dağları», «Şəki şəlaləsi», «Comərdli mənzərəsi», «Meşədə qış», «Payız», «Qürub çağı», «Laçında səhər» adlı bir sıra əsərlərin müəllifidir. Rəssamın özündən sonra qoyub getdiyi sənət əsərləri — təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də sənətsevərlər tərəfindən maraqla qarşılanır.
Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş Hüseyn Əliyev «Qafqazın müdafiəsinə görə», «1941–1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə», «Böyük Vətən müharibəsinin 30 illiyi» medalları və «Xalqlar dostluğu» ordeni ilə təltif olunub.
Milli incəsənət tariximizdə yaradıcılığı ilə xüsusi yer tutan öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və çox yüksək dəyərləndirilir.
Comments are closed