Bu gün Təsviri sənət tariximizdə özünəməxsus yaradıcılıq yolu olan, uğurlu bədii yaradıcılıq və ictimai fəaliyyəti ilə seçilən Xalq rəssamı İsmayıl Axundovun (1907-1969) doğum günündür.
İsmayıl Axundov qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. Uzun müddət «Kirpi» satirik jurnalında işləyib. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib. Teatrda bir müddət geyim rəssamı kimi çalışan İ.Axundov 1938-ci ildə «Müsyö Jordan və dərviş Məstəli şah» (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi addımını atıb. Bundan sonra AMDT-də Onore de Balzakin «Ögey ana», Mehdi Hüseynin «Şöhrət», Cəlil Məmmədquluzadənin «Ölülər», Aleksandr Ostrovskinin «Tufan», Məmməd Səid Ordubadinin «Dumanlı Təbriz», Aleksandr Ostrovskinin «Günahsız müqəssirlər», Mirzə Fə-təli Axundzadənin «Lənkəran xanının vəziri», Sabit Rəhmanın «Aydınlıq», Cəfər Cabbarlının «Solğun Çiçəklər», Anatoli Boryanovun «O tayda», Tur qardaşlarının «Bir evin sirri», Karlo Haldoninin «Mehmanxana sahibəsi», Hüseyn Cavidin «Şeyx Sənan», Sabit Rəhmanın «Əliqulu evlənir», Mehdi Hüseynin «Alov», Cəfər Cabbarlının «Oqtay Eloğlu» əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib. Rəssam bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında da bir sıra tamaşaların bədii tərtibatçısı olub.
Rəssamın «Köhnə Bakı», «Atabəy məqbərəsi», «Pionerlərin yığıncağı», «Qəzet oxuyan qadın», «Şirvanşahlar Sarayında məscidin portalı», «Mənzərə», «Divanxana. Şirvanşahlar Sarayı», «Qrafik rəsm» və s. adlı akvarel texnikasında işlənmiş əsərlərin müəllifidir.
İsmayıl Axundov yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratması baxımından səciyyəvidir.
İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə vəfat edib.
Comments are closed