1452-ci ilin bu günü tarixin tanınmış simalarından olan Leonardo di ser Pyero da Vinçi anadan olub (1452–1519). O, Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi və yazıçı idi.
Ömrünün ilkin illərində Florensiyada yaşayıb-yaradan Leonardo da Vinçi sonralar ayrı-ayrı hökmdarların saraylarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürüb. Fəqət heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb, bir müddət dərin məyusluğa qapılıb. Bu məyusluğu zamanı Fransa kralı I Fransiskdən dəvət alıb və Fransaya köçərək ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.
«İntibah insan»ın prototipi kimi hamının yaxşı tanıdığı Leonardo da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa intibahının əsas hərəkətverici qüvvəsinə çevrilib, bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunub.
Leonarda da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza portreti və «Sonuncu Şam yeməyi» əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı Adəmin Yaradılışı əsəri bu iki əsərə bərabər tutulur. Leonardonun yaratdığı «Vitruvian İnsan» əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.
Təəssüflər olsun ki, müasir günümüzə bu dahi rəssamın cəmi 15 rəsm əsəri gəlib çatıb. Fəqət bu azsaylı rəsm əsərləri da Vinçinin elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikirlərin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayıb.
Leonardo da Vinçi bir mühəndis kimi də o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi olduqca mürəkkəb ixtiralar edib. Onun vertolyot, tank, konsentrə edilən günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürəkkəb texnologiyaları hələ XVI əsrdə konsepyalaşdırması və plitələrin tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz duhasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti onun sağlığında nəinki həyata keçirilməyib, hətta müasirləri tərəfindən qavranılmayıb.
Leonardo da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilib və bu elmlərin inkişafına böyük töhfələr verib.
Bir neçə il bundan əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinib ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil əsasən rəssam olan və «Mona Liza» əsərinin müəllifi kimi tanınan Leonardo da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir.
Leonardo da Vinçinin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib, o, “İkinci minilliyin adamı” seçilib.




Comments are closed