8 Aprel Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elmas Hüseynovun (1937-2013) yaradıcılığına həsr olunmuş sərgi baş tutdu.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev sərgi iştirakçılarını açılış nitqi ilə salamladı. Rektor çıxışı zamanı Elmas Hüseynovun zəngin yaradıcılıq irsini qiymətləndirərək, onun əsərlərinin estetik və məna dəyərinin yüksək olduğunu vurğuladı.

Çıxış edənlər sırasında ADRA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev rəssamın I Qarabağ Müharibəsi dövründə azərbaycanlı qəhrəmanların portretlərini canlandırmasını, bununla yanaşı onun monumental əsərlərin müəllifi olduğunu vurğuladı. ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov Elmas Hüseynovun yaradıcılığı ilə çox yaxından tanış olduğunu, bu sərgidə yer alan əsərlərin onun yaradıcılığının kiçik hissəsini təşkil etdiyini, hətta onun haqqında televiziya verlişi hazırladığını da qeyd etdi. Xalq rəssamı, professor Sirus Mirzəzadə Elmas Hüseynovu istedadlı rəssam olmaqla yanaşı, insani keyfiyyətlərindən söz açaraq təvazökar insan kimi dəyərləndirdi.

Sonda çıxış üçün söz alan rəssamın qızı, ADRA nəzdində İncəsənət kollecinin müəllimi Elnaza Mustafazadə atasına verdikləri dəyərə, sərginin yüksək səviyyədə təşkilinə görə ADRA rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Çıxışlardan sonra sərgi açıq elan olundu.

Qeyd edək ki, sərgidə Elmas Hüseynovun qrafika, rəngkarlıq və qarışıq texnikada işlənmiş 50-ə yaxın əsəri nümayiş olunur.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elmas Hüseynovun xatirəsinə həsr olunmuş sərgi 16 Aprel 2024-cü il tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində davam edəcəkdir

Tags

Comments are closed