5 Aprel 2024-cü il tarixində ADRA-da Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qarabağın Rəngləri” adlı birgə layihəsinin kataloqunun təqdimatı olub.
Təqdimatda ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ADRA-nın professor-müəllim heyəti, Qarabağ Dirçəliş Fondunun əməkdaşları iştirak ediblər.
Tədbirdə bildirildi ki, layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltaraşın Qarabağın ruhunu özündə birləşdirən 19 rəsm və 4 heykəldən ibarət sənət işi fərqləndirilib. Əsərlərin qalan hissəsinin isə yaxın gələcəkdə xüsusi xeyriyyə qala gecəsi çərçivəsində təşkil olunacaq hərrac vasitəsilə satışa çıxarılması və əldə olunan vəsaitin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi nəzərdə tutulub. Həmin vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək. Bu barədə məlumat eyni zamanda Fondun rəsmi saytında, sosial şəbəkələrində və təşkil etdiyi tədbirlərdə təşviq olunacaq.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında baş tutan əsərlərin seçilməsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə iştirak ediblər.






Comments are closed