Bu gün «Kirpi» satirik jurnalının yaradıcılarından biri, Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovun doğum günüdür.
Yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərən rəssam «Kirpi» satirik jurnalı üçün də karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaratmış, rəsm və plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin «Hophopnamə»sinə illüstrasiyalar çəkmişdir.
Nəcəfqulu İsmayılovun yaradıcılığında portret janrı əhəmiyyətli yerə malik olub. Belə ki, onun bu qəbildən olan əsərləri sırasına «Üzeyir Hacıbəyov», «Qubalı Fətəli xan», «General Həzi Aslanov», «Ana», «Sara Aşurbəyli», «Şair Mirzə Əli Möcüz», «Yazıçı Abdulla Şaiq», «Yazıçı Cəlil Məmmədquluzadə», «Şair Səməd Vurğun», «Nəsirəddin Tusi», «Səttar Bəhlulzadə» və digər portretlər daxildir. Bir sıra mədəniyyət xadimlərinin portretlərini yaratmaqla yanaşı Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının dostluq şarjlarını işləmişdir.
Nəcəfqulu İsmayılovun Bakıda, Moskvada, Sankt-Peterburqda fərdi sərgiləri açılmış, həmçinin əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş olunmuşdur.
Nəcəfqulu İsmayılov 25 mart 1990-cı ildə Bakıda dünyasını dəyişmişdir.








Comments are closed