12 mart 2024-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə ADRA Muzey-Sərgi Kompleksində “Rəngkarlıq və musiqi” adlı sərgi-müsabiqəsi baş tutdu.

Sərgidə ilk olaraq çıxış edən ADRA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev rəssamlıq və musiqinin paralel bir sənət olduğunu qeyd etdi. F. Salayev rəssam rəngi görür, musiqiçi səsi eşidir, nəticədə səs və rəngin vəhdətindən sənət əsərinin meydana gəldiyini vurğuladı.

Azərbaycan Milli Konservatoriyasının Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, s.ü.f.d. professor Lalə Hüseynova öz növbəsində çıxış edərək “istedadlı insan hər sahədə istedadlıdır” deyiminə əsaslanaraq bir sıra azərbaycanlı bəstəkarın həm musiqi sahəsində, həm də rəssamlıqda öz sözlərini dediyini xatırlatdı. Həmçinin rəssamlıq və musiqinin XIX əsrdə yaxınlaşdığını vurğulayaraq bu gün də tədbirin baş tutmasının bu ənənənin davamı olduğunu qeyd etdi.

Daha sonra AMK tərkibində İncəsənət Gimnaziyasının təmayül üzrə direktor müavini Kəmalə Kərimova, ADRA Həmkarlar İttifaqının sədri, s.ü.f.d., dosent Emin Ələkbərov çıxış edərək, sərgi barədə təəssüratlarını bölüşdülər.

Çıxışlardan sonra seçilmiş əsərlərin mükafatlandırılması başladı. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı 7 əsər Azərbaycan Milli Konservatoriyası tərəfindən mükafatlandırıldı.

Qeyd edək ki, ADRA-nın “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Rəngkarlıq ixtisasının tələbələrinin qatıldığı müsabiqədə musiqi mövzusunu əhatə edən 35-dən artıq iş nümayiş olunub. Sərgidə nümayiş olunan işlər musiqi mövzusunu əhatə edir. Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Milli Konservatoriyasının rəhbər işçiləri, professor-müəllim heyəti iştirak edib.

Tədbirin bədii hissəsində Əməkdar artist Emil Əfrasiyab, Əməkdar müəllim Naibə Şahməmmədova və AMK tələbələrinin ifasında musiqi nömrələri təqdim olundu.

Bəddi hissə yekunlaşdıqdan sonra AMK-nın idarə heyəti ADRA-nın bir sıra yaradıcılıq emalatxanaları ilə tanış oldular.

“Rəngkarlıq və musiqi” adlı sərgi 19 mart 2024-cü il tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində (Heydər Əliyev pr.24) davam edəcək.

Tags

Comments are closed