7 Mart tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qadınların gözü ilə — Dünya” sərgisinin açılışı olub.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışan qadın rəssamların işlərindən ibarət rəngkarlıq, qrafika, heykəltəraşlıq, zərgərlik, qobelen, keramika, digər növ və janrlarda çəkdikləri 58 əsər nümayiş olunub.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açıq elan edərək dünyanın bir çox yerlərində olduğu kimi ölkəmizdə də 8 Mart Beynəlxalq Qadınlar Gününün böyük sevinc və fərəh hissi ilə qeyd olunduğunu vurğulayıb. Xanımları bu gün münasibəti ilə ürəkdən təbrik edən rektor pedoqoji fəaliyyəti ilə seçilən, öz işinin öhdəsindən məharətlə gələn akademiyada çalışan qadın rəssamların sərgidə iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib.

Daha sonra Elmi və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov, Muzey-Sərgi Kompleksinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Eldarova, çıxış edərək cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan xanımlarına bundan sonra da istər ailədə, istərsə də yaradıcı fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlardan sonra sərgi açıq elan olunub.

Tags

Comments are closed