Bu gün — 6 mart dünya şöhrətli italiyalı rəssam, heykəltəraş, memar və şair Mikelancelo Buonarrotinin (1475-1564) doğum günüdür.
Yaradıcılığının inkişafına intibah dövrünün görkəmli rəssamları- Cotto, Donatello, Mazaççonun, eləcə də antik heykəltaraşlığın böyük təsiri olmuşdur. «Madonna pilləkən yanında», «Kentavrların döyüşü” (təqr. 1490–1492) onun ilk yaradıcılıq əsərləridir.
Mikelancelonun Florensiyada yerləşən ən məşhur sənət əsəri “David” dövrünün ən hündür heykəltəraşlıq abidəsidir. “David” bir çox sənət mütəxəssisi tərəfindən mükəmməl heykəl olaraq qəbul edildi. Bu gün heykəl İtaliyanın Florensia şəhərindəki Gözəl Sənətlər Akademiyasında yerləşir.
Mikelancelonun Sikstin kapellasının plafonunda çəkilmiş freskalardan biri olan «Adəmin yaradılışı» əsəri dünyaca məhşurdur. Bu əsər «Mona Liza» və «Sonuncu şam yeməyi» əsərləri ilə birlikdə tarixin 3 ən dəyərli əsər sırasındadır.
Mikelancelonun memarlıq sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. O, 1546-cı ildən Romadakı Müqəddəs Pyotr baş kilsəsinin layihəsi üzərində işləmiş, onun mehrab hissəsini klassik memarlıq orderləri sistemi üzrə möhtəşəm dinamik formalarda həll etmişdir. Mikelancelo Renessans dövrü memarlığında monumental ansambl probleminin həlli sahəsində ilk təşəbbüs göstərərək Kapitoli meydanını layihələndirmişdir.
Mikelancelo yaradıcılığında obrazların monumentallığı, plastik gücü və dramatizmi, insanpərvərlik hissləri bütün təfərrüatı ilə özünü büruzə verir.







Comments are closed