5 Mart 2024-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində “Daşa can verib, Küləklə sovrulan” sərgisinin açılış mərasimi keçirilib.

Şamaxı Yaradıcılıq Mərkəzində baş tutan sərgi «Aprel döyüşlərinin» şəhidi, ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilmiş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” ixtisasının məzunu Samir Kaçayevin xatirəsinə həsr edilib.

İlk növbədə sərgi iştirakçıları şəhidin Çuxuryurd kəndində yerləşən qəbirüstü abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra şəhidin Şamaxının mərkəzində, turizm yolunun üzərində salamlayan “Küləklə sovrulanlar” əsərini ziyarət ediblər.

İştirakçılar Şamaxı Yaradıcılıq Mərkəzində Samir Kaçayevə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə şəhid heykəltəraşın ADRA-nın fondunda saxlanılan heykəltəraşlıq nümunəsi və Şamaxı Yaradıcılıq Mərkəzinin təşkil etdiyi əsərlər yer alıb.

Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Əməkdar İncəsənət xadimi, s.ü.f.d., professor Ziyadxan Əliyev, ADRA Həmkarlar İttifaqının sədri, s.ü.f.d., dosent Emin Ələkbərov, Humanitar və İctimai fənlər kafedrasının müdiri, s.ü.f.d, dosent Rima Qafarzadə çıxış ediblər. Çıxış edənlər Samir Kaçayevin yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olduğundan, yaratdığı əsərlərilə sənətə baxışı, insanlara münasibətilə, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazandığını bildiriblər.

Tədbirdə eyni zamanda Ümumi işlər üzrə prorektor Hacı Mail-zadə, ADRA rektorun köməkçisi s.ü.f.d. Limunə Yadigarova, Dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, s.ü.f.d., dosent İmran Kərimov, Təsviri sənət və sənətşünaslıq fakültəsinin dekan müavini, s.ü.f.d., dosent Samir Sadıqov, İncəsənət tarixi kafedrasının müdiri, s.ü.f.d., dosent Rayihə Məmmədli, “Heykəltəraşlıq” kafedrasının müdiri, dosent Sevil Süleymanova, ADRA Elm şöbəsinin müdiri s.ü.f.d., dosent Nigar Axundova, s.ü.f.d., dosent Xanım Əsgərova, “Qrafika” kafedrasının dosenti Sevinc Ələsgərova və bir sıra müəllim-tələbə heyəti iştirak ediblər. Həmçinin qeyd etmək istəyərdik ki, ADRA-nın II Vətən müharibəsi iştirakçısı olan müəllim və tələbələri də sərgini ziyarət edənlər sırasında olublar.

Xatırladaq ki, Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb. 2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Samir Kaçayevin xatirəsinə həsr edilmiş “Daşa can verib, “Küləklə sovrulan” adlı yaradıcılıq sərgisi 9 Mart 2024-cü il tarixinədək Şamaxı Yaradıcılıq Mərkəzində davam edəcəkdir.

Tags

Comments are closed