Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev tədbiri açaraq bildirib ki, Azərbaycan dövləti ağır və məşəqqətli, eyni zamanda şərəfli bir mübarizədən keçib. Azərbaycan xalqı ağır itkilər, faciələr bahasına milli azadlığına, dövlət müstəqilliyinə nail olub. Xocalı faciəsinin dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş dəhşətli soyqırım olduğunu bildirən rektor Azərbaycanda və ölkədən kənarda soyqırıma həsr olunmuş abidələrdən danışıb.
Tədbirdə çıxış edən “Humanitar və ictimai fənlər” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə Xocalı faciəsinin bəşər tarixində baş vermiş insanlığa sığmayan bir soyqırım olduğunu vurğulayıb. Ermənilər Azərbaycan xalqının iradəsini qırmağa çalışsalar da, istəklərinə nail ola bilmədiklərini, qisasın qiyamətə qalmadığını bildirib.
“İncəsənət tarixi kafedrası”nın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rayihə Məmmədli də Xocalı soyqırımını yaradıcılıqlarında işıqlandıran Natiq Əliyevin, Xanlar Əhmədovun, Asəf Azərellinin, Vaqif Ucatayın, Arif Hüseynovun və digər heykəltəraş, rəssamların əsərlərini sənətşünaslıq baxımından təhlil edərək öz münasibətini bildirib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov isə bir tarixçi kimi Xocalı soyqırımının eyni zamanda ermənilərin Azərbaycan xalqına qarşı apardığı təcavüzkar etnik təmizləmə siyasətinin ciddi şəkildə düşünülmüş, işlənib hazırlanmış böyük bir planın tərkib hissəsi olduğunu vurğulayıb.
Çıxışlarda bir daha vurğulanıb ki, xalqımızın qan yaddaşına əbədi həkk olunan Xocalı soyqırımı qurbanlarının qisası 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər ilə müzəffər ordumuz tərəfindən döyüş meydanında layiqincə alınıb, günahsız insanların qanı yerdə qalmayıb.



Comments are closed