16 Fevral 2024-cü il tarixində afrikalı rəssam Kojo Marfo, “Ümid sınağı” sərginin kuratoru Jan-Davit Malat və digər nümayəndələr Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qonağı olub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasınının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov, Elmi və yaradıcılıq işləri üzrə prorektor Xalq rəssamı, professor Fuad Salayev və Ümumi işlər üzrə prorektor Hacı Mail-zadə qonaqları qarşılayıblar.
Görüş əsnasında rektor Natiq Əliyev ilk növbədə Kojo Marfonu Heydər Əliyev Mərkəzində “Ümid sınağı” (“Crucible of hope”) adlı ilk fərdi sərgisinin açılması münasibətilə təbrik edib, bu sərginin əhəmiyyətini vurğulayıb.
Kojo Marfo isti qarşılanmaya görə rektora öz təşəkkürünü bildirib. Bakıda ilk dəfə olduğunu vurğulayan rəssam burada olmaqdan və sərgisinin açılmasından məmnun olduğunu bildirib.
Səmimi görüş əsnasında bildirildi ki, Kojo Marfonun “Ümid sınağı” sərgisinin avqustda baş tutacaq bağlanış günlərində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri ilə görüşlər keçiriləcək, dünya incəsənəti haqqında diskusiya aparılacaqdır.
İsti görüş əsnasında qonaqlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanaları ilə tanış oldular, tələbələrlə görüşdülər.
Qonaqlar səmimi görüşə görə ADRA rəhbərliyinə təşəkkürlərini bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.








Comments are closed