2 Fevral 2024-cü il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Bilecik Şeyh Edebali Universiteti arasında onlayn görüş keçirilib, elmi və yaradıcı əməkdaşlığa dair protokolu imzalanıb.
ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev görüş iştirakçılarını salamlayaraq, hər iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Rektor çıxışı zamanı Türkiyə Universitetləri ilə Rəssamlıq Akademiyası arasında rəssamlıq sahələri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bilecik Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir öz növbəsində çıxış edərək ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi və yaradıcı baza, maddi-texniki imkanlar, Universitetin beynəlxalq əlaqələri barədə məlumat verib.
ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov və ADRA nəzdində İncəsənət Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Aslanova çıxış edərək ikitərəfli əlaqələrin inkişafı təhsil sahəsində əməkdaşlıq üçün münbit şəraitin yaratdığını, ali təhsil ocaqları arasında qarşılıqlı təcrübə, tələbə və müəllim mübadiləsi həyata keçiriləcəyinin müsbət tərəflərini qeyd ediblər.
Əməkdaşlıq protokoluna tərəflər arasında elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin müxtəlif fəaliyyətlərin həyata keçirilməsi, o cümlədən, akademik, elmi və mədəni mübadilə imkanlarının genişləndirilməsi, elmi tədqiqatlarda əməkdaşlıq, təhsilin bütün səviyyələrində tələbə və tədqiqatçıları, akademik və inzibati kadrların mübadiləsi, yuxarıda qeyd olunan sahələrdə kadr hazırlığı və ümumi maraq doğuran digər sahələr, həmçinin konqres, yarmarka, seminar, simpozium, treninq və səfərlərinin digər mədəni proqram və tədbirlərin birgə təşkili daxildir.
İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.




Comments are closed