7 noyabr 2024-cü il tarixində Rusiyanın Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan “Rəngli Kaleydoskop” beynəlxalq suluboya sərgi müsabiqəsində Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri yüksək nailiyyətlər qazanıblar.
Sərgidə Azərbaycanla yanaşı, Rusiya, Bolqarıstan, Almaniya, Yunanıstan, Hindistan, Çin, Yaponiya, İtaliya və digər ölkələrdən tanınmış rəssamlar iştirak edib. Beynəlxalq münsiflər heyətində akademiyanın professorları, Hindistan və İspaniya nümayəndələri təmsil olunub.
Qürurla bildiririk ki, müsabiqədə:
“Natürmort. Güllər” nominasiyasında Azərbaycan Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasının müdiri, əməkdar rəssam, professor Rəsul Hüseynov I yerin qalibi olub.
Eyni nominasiya üzrə “Bədii toxuculuq və xalça sənəti” kafedrasının dosenti Sonaxanım Nağıyeva I yerə layiq görülərək ölkəmizi uğurla təmsil edib.
Bu uğur Azərbaycan Rəssamlıq Akademiyasının yüksək peşəkarlığını və dünya səviyyəsində tanınan rəssamlarımızın yaradıcılıq gücünü bir daha nümayiş etdirir.
Sərgi təşkilatçılarının məlumatına əsasən “Rəngli Kaleydoskop” sərgi müsabiqəsinin keçirilməsində məqsəd akvarel texnikasına marağın artırılmasını və rəssamlıq ənənələrinin qorunmasını hədəfləyir. Təşkilatçıların qeyd etdiyinə görə, sərginin interaktiv bölməsində nümayiş etdirilən əsərlər müxtəlif ölkələrdə yaşayan Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunlarına məxsusdur və onların unikal akvarel məktəbinin ənənələrini əks etdirir.
Azərbaycan Rəssamlıq Akademiyası qaliblərimizi təbrik edir, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayır!
• Qeyd edək ki, Azərbaycan Rəssamlıq Akamemiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Azərbaycan Dövlət Mükafatı laureatı Eldar Zeynalov, Azərbaycan SSR əməkdar rəssamı Əli Verdiyev, Azərbaycan SSR əməkdar rəssamı Ənvər Əsgərov, Xalq rəssamı Hüseyn Haqverdiyev, əməkdar incəsənət xadimi (1992) Azərbaycan SSR Dövlət mükafatı laureatı Telman Zeynalov, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Saleh Məmmədov, Sonaxanım Nağıyeva və digər rəssamlar eyniadlı akademiyanın məzunudur.











Comments are closed