12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bu gün Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Heydər Əliyev təkcə dövlət xadimi deyil, həm də xalqımızın ruhuna və taleyinə təsir edən böyük bir şəxsiyyət idi. Onun uzaqgörən siyasəti, dərin zəkası və əzmi Azərbaycanı milli dirçəliş və müstəqillik yoluna çıxardı. Bu gün müasir Azərbaycanın hər bir uğuru Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının nəticəsidir.
Heydər Əliyev deyirdi: «Xalqını sevən, ona xidmət edən hər bir insan öz xalqının yaddaşında əbədi qalır.» O, yalnız öz xalqını deyil, onun tarixini, mədəniyyətini, milli varlığını sevdi və qorudu. Azərbaycan xalqının milli qürur mənbəyinə çevrilən Heydər Əliyev bütün həyatını xalqının gələcəyinə həsr etdi, onun azad və müstəqil yaşaması böyük əzmlə çalışdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizdə xüsusi yer tutur və haqlı olaraq «Heydər Əliyev dövrü» kimi anılır. Bu dövr xalqın milli şüurunun yüksəlişi, milli qürur hissinin bərpası və milli dövlətçilik ideyasının möhkəmləndirilməsi ilə səciyyələnir. Ulu Öndərin idarəetmə fəlsəfəsi milli özünüifadənin hərtərəfli inkişafını, sürətli tərəqqi strategiyasının həyata keçirilməsini və xalqın tarixi yaddaşının yenidən bərpasını təmin etmişdir.
Ulu Öndərin ideyaları bu gün də yaşayır və yeni nəsillər onun yaratdığı müstəqil Azərbaycanın yolunda inamla irəliləyir, onun ideallarını yaşadırlar.
Ömrünü Azərbaycanın inkişafına, milli birliyinə və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə həsr edən Ulu Öndər öz əbədiyaşar sözləri ilə demişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Bu gün də Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edərək, onun Azərbaycan xalqına bəxş etdiyi milli birliyin və müstəqilliyin əhəmiyyətini bir daha vurğulayırıq. Heydər Əliyev əməlləri və ideyaları ilə Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq.
Xatırladaq ki, Azərbaycan Rəssamlıq Akademiyası 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılıb. Akademiya ölkəmizdə incəsənətin inkişafı və gənc rəssamların yetişdirilməsi üçün önəmli bir təhsil ocağıdır. Hazırda Azərbaycan Rəssamlıq Akademiyası öz fəaliyyətini uğurla davam etdirir. Burada həm yerli, həm də xarici tələbələr təhsil alır. Akademiya Xalq rəssamları, Əməkdar rəssamlar və peşəkar müəllim heyəti ilə tələbələrə yüksək səviyyədə təhsil verməklə yanaşı, onların yaradıcılıq potensialını üzə çıxarmaq üçün müxtəlif imkanlar yaradır. Burada təhsil alan tələbə və məzunlar bu gün beynəlxalq sərgilərdə və müsabiqələrdə Azərbaycanı uğurla təmsil edir.
Azərbaycan Rəssamlıq Akademiyası Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl prinsiplərinə sadiq qalaraq, ölkəmizdə rəssamlığın inkişafına və dünyada tanınmasına mühüm töhfə verir.
Comments are closed