Azərbaycan Rəssamlıq Akademiyasında Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş elmi konfrans keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açıb. O, çıxışında Ulu Öndəri dərin hörmətlə anaraq Azərbaycan Rəssamlıq Akademiyasının birbaşa Heydər Əliyevin sərəncamı ilə yaradıldığını bildirdi. Rektor, həmçinin Ümummilli Liderin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, rəssamlara yaradıcılıqlarını daha da inkişaf etdirmək üçün emalatxanaların hədiyyə olunmasından danışdı, onunla bağlı şəxsi xatirələrini bölüşdü. Natiq Əliyev qeyd etdi ki, Heydər Əliyevin təhsil və mədəniyyət sahələrinə göstərdiyi xüsusi diqqət və uzaqgörən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı Fuad Salayev, Heydər Əliyevlə bağlı xatirələrini paylaşaraq Ulu Öndərin incəsənət adamlarına göstərdiyi qayğıdan danışdı. O, həmçinin müəllifi olduğu Sergey Yeseninin tunc barelyefinin açılmasının məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini vurğuladı.

Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Salxab Məmmədov çıxışında Heydər Əliyevin azərbaycanlı rəssamların beynəlxalq səviyyədə tanınması üçün gördüyü işlərdən bəhs etdi. O, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər görkəmli rəssamların fəxri adlarla təltif olunmasının Heydər Əliyevin dəstəyi ilə həyata keçirildiyini xüsusi qeyd etdi.

“Bədii keramika, şüşə və metal” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Albəndova isə məktəblər və uşaq bağçalarının açılmasında, kimsəsiz uşaqlara göstərilən diqqətdə Heydər Əliyevin rolunu vurğuladı.

“İncəsənət tarixi” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışında bildirdi:

“Əgər Heydər Əliyev olmasaydı, biz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni tanımazdıq”. O, həmçinin Mehdi Hüseynzadənin abidəsinin ucaldılması və haqqında film çəkilməsinin də bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini vurğuladı.

“Humanitar və ictimai fənlər” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə və həmin kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimov çıxış edərək Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü böyük işlərdən bəhs etdilər. Onlar Ulu Öndərin siyasi, fəlsəfi və ideoloji irsinin bu gün də uğurla yaşadığını vurğuladılar.

Konfransın sonunda Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları Ulu Öndərin əvəzolunmaz xidmətlərini bir daha yüksək qiymətləndirərək, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Tags

Comments are closed