16 dekabr 2024-cü il tarixində Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Azərbaycan SSR Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin çıxışı ilə başladı. Rektor çıxışında Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən bəhs edərək, onun həyat və yaradıcılığından söhbət açdı. Xalq rəssamı Natiq Əliyev rəssamın sənətə gətirdiyi yeni üslubları və əsərlərində təbiətə olan sevgisini xüsusi vurğuladı. O, həmçinin Səttar Bəhlulzadənin əsərlərində Azərbaycan ruhunu və xalqının mədəniyyətini əks etdirdiyini qeyd etdi. Rektor bildirdi ki, Səttar Bəhlulzadə təkcə əsərləri ilə deyil, həm də qeyri-adi baxışı, incəsənətə gətirdiyi yeni nəfəs və milli dəyərləri sənət vasitəsilə dünyaya tanıtmaq əzmi ilə yaddaşlarda əbədi olaraq iz buraxacaqdır. Daha sonra sənətkarın irsinin və yaradıcılıq fəaliyyətinin yorulmaz tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev çıxış etdi. O, çıxışında Səttar Bəhlulzadə haqqında 4 kitabın və 100-dən çox elmi məqalənin müəllifi olduğunu bildirdi. Professor Ziyadxan Əliyev, eyni zamanda, böyük rəssamla bağlı xatirələrini bölüşdü, rəssamın əsərlərindəki simvolik mənaları, onun təbiətə olan dərin əlaqəsini və Azərbaycan mədəniyyətinə verdiyi töhfələri vurğuladı. O, Səttar Bəhlulzadənin Azərbaycanın incəsənət tarixindəki əvəzsiz yerini bir daha vurğuladı.Daha sonra Xalq rəssamı, akademik Ömər Eldarov çıxış edərək, Səttar Bəhlulzadənin xatirəsinə həsr etdiyi monumental abidəni hazırlayarkən yaradıcı proseslərdən bəhs etdi. O, çıxışında vurğuladı ki, abidəni işləyərkən rəssamın şəxsiyyətini və yaradıcılığını tam dolğunluğu ilə əks etdirmək üçün xüsusi diqqət yetirmişdir. Ömər Eldarov qeyd etdi ki, Səttar Bəhlulzadənin abidəsində boş çərçivə təsviri vasitəsilə bütün fəsillərin canlı obrazını təqdim etmiş, onun təbiətə olan dərin sevgisini, rənglər və formalarla qurduğu özünəməxsus dünyasını abidəyə köçürmüşdür.Azərbaycan Rəssamlıq Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev çıxış edərək Səttar Bəhlulzadənin yaradıcılığında onun daxili dünyasının və milli ruhunun aydın şəkildə göründüyünü vurğuladı. O, Səttar Bəhlulzadənin yaradıcılığında, xüsusilə 1950-ci illərdən etibarən fərqli və xarakterik rənglərin ön plana çıxdığını diqqətə çatdırdı. Rəssam klassik forma və qaydalara məhəl qoymadan özünəməxsus, tamamilə orijinal bir üslub yaratdığını, bu üslubda milli təbiətimizin təkrarsız gözəlliklərini, Azərbaycan ruhunu görməyin mümkünlüyünü bildirdi. Fuad Salayev çıxışında vurğuladı ki, Səttar Bəhlulzadə yaradıcılığı poeziya dili olduğuna görə xalq tərəfindən qəbul olunur. Tədbir çərçivəsində, rəssamın şəxsi kolleksiyalardan toplanmış əsərləri Muzey-Sərgi Kompleksinin sərgi salonunda nümayiş olundu. Tədbir rəssamın həyat və yaradıcılıq yolunu əks etdirən videoçarxla sona çatdı.

Tags

Comments are closed