Bu gün görkəmli heykəltaraş, Xalq rəssamı, akademik Ömər Eldarovun doğum günüdür. Həyatının 60 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr edən görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-neçə sənət incisi var.Düşənbədə ucaldılmış Sədrəddin Ayninin abidəsinin (1978) məhz Ö.Eldarovun tişəsindən çıxması da tacik sənət xiridarlarının azərbaycanlı heykəltaraşın sənətinə böyük inamının ifadəsidir. Görkəmli heykəltəraşa xas olan monumental duyumunu sonrakı illərdə Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində də nümayiş etdirə bilmişdir.Ömər Eldarovun 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltaraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib.Azərbaycan incəsənətinə əvəzsiz töhfələr vermiş görkəmli heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarovu Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi adından səmimi qəlbdən təbrik edirik. Ona möhkəm can sağlığı, tükənməz enerji və yeni yaradıcılıq uğurları arzulayırıq!

Tags

Comments are closed